Mən həmişə əmin olmuşam ki, həqiqi vətənpərvərlik və vətəndaşlıq ətrafda hamının danışdığı zaman susmaqda deyil, əksinə, hamının susduğu zaman danışmaqdadır. Daimi intensiv kontaktlarda olan bir beynəlxalq qeyri-hökumət təşkilatının rəhbəri kimi, mənim üçün, bu gün tamamilə aydındır ki, perspektivdə türk dünyasının bütün xalqlarına təsir edəcək Türkiyədəki qarşıdan gələn seçkilər haqqında danışmaq prinsipial vətəndaş mövqeyi məsələsidir.
Elə ondan başlayaq ki, bu gün dünya və Türk mediasında ölkədəki siyasi reallığa dair pessimist dəyərləndirmələr kifayət qədərdir – “Ərdoğanın diktator çevrilişi” haqqında bəyanatlar verilir, Türkiyənin “demokratik ilğım”ı üçün yas tutulur, “böyük Ərdoğan era”sının qürubu proqnozlaşdırılır və s. Mən bunun qəsdən olub-olmadığını bilmirəm, lakin faktiki olaraq biz cəmiyyətin “susmağa üstünlük verdiyi”ni müşahidə edirik. R. T. Ərdoğanı tənqid atəşinə tutan mötərizədən kənar analitik məqalələr, medianın şərhi – daha mühüm məsələləri nəzərdən qaçırır. Halbuki, qeyd etdiyimiz ciddi məsələlər gələcəkdə Türkiyə dövlətinin mövcudluğunu sual altına qoyur.
Birincisi, bu, ölkədə milli birlik və sabitliyə olan təhdiddir. Müəyyən qüvvələrin Türkiyəni parçalamağa, millətlərarası gərginliyi qızışdırılmasına, ölkəni tənəzzülə gətirməyə çalışması barədə iddiaları Türkiyənin Avropa Birliyi Məsələləri üzrə naziri Mevlüt Çavuşoğlu demək olar ki, rəsmən təsdiq etdi: “Türkiyədə Suriya ssenarisinin təkrar olunması qeyri-mümkündür. Ölkədə daxili qarşıdurmaya cəhd edənlər, uğursuzluğa məhkumdur”. Nazir, siyasi korrektlik nöqteyi-nəzərindən bu ssenarilərin sifarişçilərini açıq-aşkar göstərməsə də, Türkiyənin mümkün “suriyalaşması” məsələsinin qoyuluşu artıq 90 il əvvəl, ölkənin dağılması astanasında olarkən cərəyan edən hadisələrlə əsaslı analogiya aparılmasına imkan verir. O zaman xalqın xilası siyasi səhnəyə Atatürk kimi nəhəng tarixi şəxsiyyətin gəlməsi ilə mümkün olmuşdu. Hakimiyyət rəsmilərinin sakitləşdirici təminatlarına baxmayaraq, eləcə də ölkəyə yönəlmiş bugünkü təhdidlərin miqyasının heç də az olmamasını nəzərə alsaq, Türkiyənin artıq milli böhran astanasında olması haqqında danışmaq olar. Etiraf etmək lazımdır ki, bunun qarşısını almaq yalnız seçkilərin hələ birinci turunda böyük səs çoxluğunda ifadə olunan xalqın vahid iradəsinin nümayişi ola bilər. Buna alternativ təkcə Ukraynadakı qanlı hadisələrin təkrarı ola bilər, lakin fikrimizcə, belə bir miqyaslı qarşıdurma artıq ölkə hüdudlarını aşaraq bütün regionu əhatə edə bilər.
Nəticə: ölkəyə, milləti birləşdirməyə və daxili parçalanma təhlükəsinin qarşısını almağa qadir xarizmatik ümummilli lider lazımdır.
İkincisi, regional sabitlik və təhlükəsizliyə təhdid. Sirr deyil ki, müasir geosiyasi ədəbiyyatda XXI əsrdə bütün Yaxın və Orta Şərq regionunun mövcud siyasi xəritəsində ciddi dəyişiklikləri nəzərdə tutan müxtəlif geostrateji ssenarilərin geniş yayılması yer alıb.
Onlardan bəziləri etibarlı (məsələn, bədnam polkovnik Ralf Peterson tərəfindən ilk dəfə 2006-cı ildə NATO kurslarında nümayiş etdirilən “Yeni Yaxın Şərq” xəritəsi), digərləri – həqiqəti daha az əks etdirən hesab olunur, lakin demək olar ki, onların hamısı bəzi ərəb dövlətlərinin sərhədlərinin dəyişdirilməsi, ilk növbədə İraqın üç yerə parçalanması, eləcə də İran, Türkiyə, Əfqanıstan, Pakistan və digər ölkələrin parçalanmasını və bu ölkələrdən qopardılmış ərazilərdə yeni dövlətlərin yaradılması məqsədini güdür. Sual yaranır – bəs region dövlətləri və xalqları faktiki artıq başlanmış parçalanmadan, bu ölkələrin xalqları gözlənilən qanlı xaos və dağıntılardan xilas ola bilərlərmi?
Nəticə: regionun böyük siyasi təcrübəsi ilə yanaşı, həm də geosiyasi təşəbbüsü ələ almağı bacaran, alternativ layihələr təklif edə bilən və bununla da gözlənilən regional xaos və qan tökülməsinin qarşısını ala biləcək liderə həyati ehtiyacı var.
Üçüncüsü, zənnimcə, Türkiyə üzərində olan daha bir ciddi təhlükə – onu, təbii müttəfiqləri olan qardaş Türk xalqlarından qoparmaq, aralarına nifaq salmaqdır. Biz bilərəkdən Türk dünyasının birliyindən danışmırıq, çünki yaxın tarixi keçmişdə və müasir zamanda təəssüf ki, belə bir fenomen olmayıb. Bunun bir çox izahı var və ən ağlabatanı odur ki, Türk xalqlarının əksəriyyəti böyük imperiyaların tərkibinə daxil olmuş, fərqli inkişaf yolu keçmişlər. Bununla belə, tarix əsrlərin qovşağında türk dünyasına unikal şans verdi – dünyanın yeni inteqrasiya mərkəzlərindən biri olmaq imkanını. Tarixin axarı və istiqaməti məhz Türk xalqlarının bu imkandan faydalanıb-faydalanmamağından asılıdır.
Vəziyyəti daha da mürəkkəbləşdirən məqamlardan biri də müasir siyasi reallığın fərqli meyllərdən biri olan dünya ölkələrinin əksəriyyətinin, hətta iri regional dövlətlərin belə, müxtəlif siyasi və iqtisadi birliklərə qoşulmaq arzusudur. Zənnimizcə müasir Türkiyə, bizim, çox ciddi tarixi seçim qarşısındadır – ya “arxa qapı”dan artıq hazır və ya formalaşan inteqrasiya bloklarına daxil olmaq, ya da kı, bir sıra xalqların türk kimliyi bünövrəsi üzərində qurulan alternativ layihə təşəbbüsü ilə məsələn, vahid Türk iqtisadi məkanını, çıxış etməkdir.
Bununla belə, burada ən mühüm amil heç də ciddi siyasi, iqtisadi və intellektual-diplomatik sıçrayışın olmaması deyil, daha çox tarixi zamanın çatışmazlığındadır. Zaman isə gecikmələri bağışlamır.
Son zamanlar türkdilli ölkələrə ünvanlanmış təkliflər, vədlər və hətta bir-birinə qarşı mübarizə aparan bloklara cəlb etmək məqsədilə ayrı-ayrı türk dövlətlərinə yönəlmiş təhdidlərin aktivləşməsi milli elitalara manevr etmək imkanlarını daraldır. Türkdilli dövlətlərin daha sıx birliyinin yaradılması zərurəti zamanın tələbinə çevrilir. Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda keçirdiyi danışıqlar bu ideyanın aktual olduğunu bir daha təsdiqlədi. Ortaq mədəniyyət və sivilizasiya kodunun birləşdirdiyi, tarixən güclü əlaqələr və nəhəng resurs bazasına malik olan türk xalqlarının təkcə yeni binanın memarlarına ehtiyacı vardır.
Nəticə: Bu gün türk dünyasına qlobal düşüncəli, bir çox onilliklərin perspektivini öncədən görə biləcək liderlər lazımdır. Şəxsən mənim üçün bu mövzu çox yaxındır, çünki bizim fəaliyyətimiz zamanı fondumuz tərəfindən işlənib hazırlanan “Türk xalqlarının diaspor birliyi” layihəsinin həyata keçirilməsi zamanı belə bir qənaətə gəldik ki, bu məsələ türk dünyasında genişmiqyaslı düşüncə sahibi olan siyasətçilərin olması ilə birbaşa əlaqəlidir.
Dördüncüsü, Türkiyə dövlətçiliyinə ciddi təhlükə müsəlman dünyasının daxili parçalanmasından irəli gəlir. Sual yaranır: niyə tarixin dönüş mərhələlərində İslamın müxtəlif istiqamətləri və təriqətləri arasında olan qarşılıqlı əlaqələr problemi dalğavari olaraq gündəmə gəlir, onlar arasında mübarizə kəskinləşir? Bu suala şübhəsiz ki, elmi nöqteyi-nəzərdən mütəxəssislər daha dəqiq cavab verə bilərlər. Lakin bizim üçün hər zaman İslamdakı məzhəbdaxili çəkişmə və ziddiyyətlər geosiyasi məqsədlərə nail olmaq üçün süni təhriklərdən başqa bir şey deyil. Əks halda, bir məsciddə onilliklərlə namaz qılan möminlərin birdən-birə yaşadıqları şəhər və hətta ölkədə belə birgə qalmaq istəməməsini necə başa düşməliyik? Buna əlavə olaraq İslam və dövlətin dünyəvi inkişafının tərəfdarları arasında olan münaqişənin şişirdilməsi eyni dinin insanları arasında sosial və siyasi əlaqələrin kəsilməsi təhlükəsini daha aşkar və labüd edir. Bunun möhtəşəm təsviri belədir: Yaxın və Orta Şərq müsəlman ölkələrinin “nə sülh, nə müharibə” vəziyyətindən “pis və ya çox pis” inkişaf ssenariləri arasında seçim etmək vəziyyətinə tədricən düşməsidir.
Nəticə: Müsəlman dünyasında hökm sürən tarixi vəziyyət mövcud ziddiyyətlərə üstün gəlməyi bacaran, cəmiyyətin dini və dünyəvi inkişaf yolunun birgə və harmonik mövcud olması üçün yeni model təklif edə biləcək siyasətçilərin meydana gəlməsini tələb edir.
Mən Türkiyə dövlətçiliyi və regional sabitliyin mövcudluğuna dair dörd təhdidin olması haqda öz baxışlarımla bölüşdüm. Kimsə daha geniş təhdid spektrini göstərə bilər, kimlərsə mənim həmin təhdidlərin aradan qaldırılması yolunda gəldiyim nəticələrdə ölkədə siyasi liderin zəruri olması haqda fikirlərimlə razılaşmaya bilər. Lakin tarixin dahi siyasətçilər tərəfindən yaradılması və ya ki tarix tərəfindən tələb olunan zaman siyasi arenaya ümummilli liderlərin çıxması mənim üçün o qədər də əhəmiyyətli deyil. Əsas odur ki, ölkənin fövqəl məqamında, xalqın və ölkənin taleyi həll olunan zaman üzərlərinə tam məsuliyyət götürən və arxasınca aparan millətin öz Atatürkü, öz Heydər Əliyevi vardırmı? Lakin bu cür tarixi şəxsiyyətlər sehrli çubuğun qüvvəsilə anidən meydana gəlmirlər. Onlar bizim aramızdadır və xalqın yetkinliyi və müdrikliyi onları qəlblə hiss etməsi, ağılla dərk etməsindədir.
Bu gün çoxsaylı milli və regional təhdidlər qarşısında duran Türkiyədə irimiqyaslı tarixi şəxsiyyət qismində yalnız dəfələrlə böyük iradə nümayiş etdirərək, hətta zahirən ümidsiz vəziyyətdən layiqincə və alnı açıq çıxmağla, ölkəni ümummilli böhran təhlükəsindən qurtara bilən Rəcəb Tayyib Ərdoğanı görürəm. Bu gün Türkiyənin siyasi üfüqündə, milli böhran təhlükəsinin qarşısını almaq potensialına malik bir siyasətçi varsa, o, da, şübhəsiz ki, R. T. Ərdoğandır.
Mən əminəm ki, əgər Türk xalqı ona yenə də etimad göstərsə, məhz cənab R. T. Ərdoğan türk-islam dünyasında əlaqələrin yenidən lazımi vəziyyətə gətirilməsinə, həyati əhəmiyyətli problemlərin həllində bütün mütərəqqi qüvvələrin birləşməsinə nail olacaq. Bunun bariz nümunəsi və son zamanlar ictimaiyyətə yaxşı məlum olan cənab R. T. Ərdoğanın məhkəmə və hüquq-mühafizə sistemində, vətəndaş və millətlərarası dialoqun qurulması və regional əməkdaşlığın möhkəmlənməsi sahəsində atdığı addımlardır.
Və mən fəxr edirəm ki, bir neçə il bundan öncə cənab baş nazir Fondumuzun təsis etdiyi, görkəmli siyasi və ictimai xadimlərin beynəlxalq əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə təltif etdiyi “İlyas Əfəndiyev Beynəlxalq Mükafatı” laureatı olub.
Mənə etiraz edilə bilər ki, bəs Türkiyədə başqa siyasətçilər, başqa seçim yoxdur ki? Əlbəttə ki, var və bu da doğrudur ki, Türkiyədə müxtəlif səbəblərə görə, Ərdoğan olmadan ölkənin gələcəyini görmək istəyən insanlar da var. Lakin paradoks ondadır ki, bütün bəyan edilən “Ərdoğansız Türkiyə” planlarında hər zaman ölkənin müasir siyasi reallığının ayrılmaz hissəsinə çevrilmiş “Ərdoğan faktoru” var. Və bu hissəni inkar etmək və ya asanlıqla kəsib atmaq qeyri-mümkündür.
Seçkilərə gələn insanlar adətən ya ürək, ya da ki, ağılla səs verirlər. Lakin Türkiyədə ilk birbaşa prezident seçkilərinin keçiriləcəyi daxili və beynəlxalq şərait, onlara elə əlamətdar və tarixi əhəmiyyət vermiş, ölkəni isə elə təhlükəli çağırışlar qarşısında qoymuşdur ki, 10 avqustda hər bir vətəndaş seçki qutusu qarşısında həm ürəklə, həm də ağılla seçim etməyə borcludur.
Türkiyə xalqı üçün bu seçkilər tarixi ola bilər, çünki xalq artıq tarix tərəfindən diktə edilən seçimi təsdiqləməlidir. Əks təqdirdə, insanlar çox yaxın bir vaxt ərzində artıq öz gələcək tarixini seçmək imkanından məhrum ola bilərlər.