Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) süquta uğradıqdan sonra bolşeviklərin təqibindən, edamından, zülmündən xilas olmaq üçün qürbətə üz tutan həmvətənlərimiz məskulaşdıqları ölkələrdə uzun illər boyu ağır şərtlər altında –maddi və mənəvi sıxıntılarla dolu mühitdə sovet rejiminə , kommunist ideologiyasına qarşı, Vətənimizin istiqlalı uğrunda mücadilə aparmaqla kifayətlənmir, eyni zamanda xaricdə Azərbaycan mədəniyyətini, tarixini, milli- mənəvi dəyərlərini, ədəbi irsini tanıdır, təbliğ edirdilər. Azərbaycan mətbuat tarixinin ən parlaq səhifələrindən olan, xalq iradəsi və ruhunun daşıyıcısı mühacirət mətbuatının, eləcə də digər nəşrlərin materialları fikrimizi təsdiqləyir. Mühacirlərimiz azərbaycançılıq ideologiyasının, istiqlal ədəbi nümunələrinin yayılmasında, türkologiyanın, qorqudşünaslığın, nizamişünaslığın, füzulişünaslığn tədqiqində və tərəqqisində misilsiz xidmət göstərmiş, sahənin inkişafında tarixi rol oynamışlar. Ölkəmizin, o cümlədən Bakının qədim maddi-mədəni abidələrinə dair maraqlı materiallar verən mühacir mətbuatı keçmişi yaşadır, gələcək uğrunda mücadilə aparırdı..
“Azərbaycan kültür davasını hədəf tutaraq yayınlanmasına təkrar başlayan dəyərli “Azərbaycan yurd bilgisi” dərgisinə gücüm daxilində bir xidmət göstərmək üçün qədim Azərbaycan kültür və tarix mövzusu ilə, şübhəsiz ki, əlaqəsi olan bir sikkə üzərindəki bu kiçik araşdırma aparmağı özümə zövqlü bir vəzifə bildim”. Bu sətirlər “Azərbaycan yurd bilgisi” jurnalında (№37,səh.26-27,1954-ci il) Şərafəddin Erel adlı müəllifin “Azərbaycana aid nadir bir sikkə” adlı məqaləsindən götürülüb. Müəllif üzərində ərəb əlifbası ilə “Azərbaycan” sözü yazılmış və XI əsrin əvvəllərinə aid gümüş sikkəni “ender ( nadir, seyrək, az tapılan-T.A), əmsalsız” (bənzərsiz, tayı- bərabəri olmayan- T.A) adlandırır, kolleksiyasında hələlik tək olan sikkənin ölçüləri və çəkisi barədə məlumat verir, tariximizlə bağlı bir sıra maraqlı fikirlər irəli sürür və sikkə ilə bağlı mütəxəssislərdən daha dolğun, sanballı rəy alacağına ümid etdiyini bildirir. Tarixin yadigarı barədə müəllifin düşüncələri, sualları, mülahizələri bizi eyni zamanda “Şərafəddin Erel “ imzası ilə də maraqlanmağa sövq etdi. “Azərbaycan yurd bilgisi “ jurnalında “Prof.M. Şərafəddin” imzası ilə Azərbaycan tarixi, etnoqrafiyası, ədəbiyyatı ilə bağlı məqalələrə rast gəldik ( bax: №3, 12 ,1932; №23, 24, 1933). Erciyes Universitetinin əməkdaşı Gülreyhan Novruzovanın Dağıstan tərəkəmələrinin dini həyatına dair maraqlı monoqrafiyasında da Şərafəddin Erelin və onun Dağıstanla bağlı kitabının adı çəkilir. Məlumatların məhdudluğuna görə bu müəlliflər, onların yaradıcılğı haqqında fikir yürütmək hələlik tezdir. Məlumdur ki, mühacirət mətbuatı üçün imzaların gizlədilməsi xarakterik və təbii haldır. Odur ki, bu istiqamətdəki axtarışlar qənaətbəxş deyil və davam etdiriləcək. Lakin haqqında bəhs olunan sikkə ilə bağlı sahə mütəxəssislərinin rəyini bilmək maraqlı olardı.
Yeri gəlmişkən mühacir mətbuatı tarixində mühüm rol oynamış “Azərbaycan yurd bilgisi” dərgisi haqqında qisaca məlumat verməyi lazım bilirik. Jurnal ayda bir nömrə olmaqla ( 1932-1934 –cü illərdə 36 və 1954-cü ildə 1-37-ci – sonuncu nömrə) İstanbulda 48 səhifə həcmində Azərbaycan dilində latın əlifbası ilə nəşr edilib. Ədəbi-elmi, tədqiqat jurnalıdır. Bununla belə, jurnalın redaktoru prof. dr.Əhməd Cəfəroğlu “Azərbaycan yurd bilgisi”nin birinci nömrəsində dərc etdirdiyi “Bir neçə söz” adlı baş məqalədə yazırdı: “Jurnalın məqsədi və qayəsi yalnız mədəni sahədə tədqiqatlar aparmaqdan ibarət olmayıb, eyni zamanda Azərbaycansevərlərə bu Vətəni tanıtmaqdır”.
İlk nömrələrində “Müdir dr. Cəfəroğlu Əhməd – ədəbiyyat fakültəsində müdir müavini, “Müdir dr. Cəfəroğlu Əhməd universitetdə türk dili tarixi dosenti”, sonralar “Müdir dr. Cəfəroğlu Əhməd”, daha sonralar isə “Sahibi və müdiri Cəfəroğlu Əhməd” yazılıb.
Prof. dr. Köprülüzadə M.Fuat, prof.Ə.Z.Validi, dr. Hacızadə Mirzə, dr. Ağaoğlu Məhəmməd, asis. Əbdülqadir Süleyman redaksiya heyətinin üzvləridir.
Həsən Abdullaoğlu, Əbdülbaki, Abdulla Battal, Sadiq Babazadə, Mustafa Vəkilli, Məmməd Əli Rəsulzadə, Nağı Şeyxzamanlı (Keykur) M.Ə.Rəsulzadə və başqaları jurnalla əməkdaşlıq ediblər.