“Baku Creative Center”in təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Nar Mobile” mobil operatorunun baş sponsorluğu ilə reallaşdırılan “Azerbaijan Art Festival – 2014” layihəsi çərçivəsində bölgələr üzrə sonuncu sərgi Ağstafa Dövlət Rəsm Qalereyasında açılıb. “Baku Creative Center”dən verilən məlumata görə, açılışda rəsm qalereyasının direktoru Gülnarə Eyyubova çıxış edərək sərginin təşkilini yüksək qiymətləndirib, təşkilatçılara minnətdarlığını bildirib. Layihənin kuratoru Fərəh Ələkbərli “Azerbaijan Art Festival 2014” haqqında ətraflı məlumat verib. Ekspozisiyada Lalə Ağayeva, Fəxri Abbasov, Vüsalə Ağarazıyeva, Fəridə Qarayeva, Lalə Hüseynova və digər rəssamların əsərləri nümayiş edilib. Astara, Lerik, Yardımlı, Lənkəran, Bərdə, Goranboy, Gəncə, Şəmkir, Qazax və Ağstafada ardıcıl olaraq təşkil edilən sərgilərdə gənc rəssamların əsərləri ilə yanaşı, ustad dərsləri təşkil edilib.
S.ABDULLAYEVA