Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər. Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən iyul ayında bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 25-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir şəhərindən, Balakən, Zaqatala, Qax, Şəki və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların müraciətləri əsasən, mədəniyyət müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, təmiri, fəxri adların verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı idi.
Qəbulda Qax rayonunun Qum kəndində yarımçıq qalmış mədəniyyət evinin tikintisinin başa çatdırılması, “Şəki xanlarının evi”nə ştat vahidlərinin ayrılması, Qax rayonunun Əlibəyli kəndində Dövlət Gürcü Dram Teatrı üçün yeni binanın tikintisi, Şəki şəhərindəki “Sənətkar evi”nin şəhər mədəniyyət və turizm şöbəsinin balansına verilməsi, Şəkidəki tarix və mədəniyyət abidələrinin turizm marşrutuna daxil edilməsi, Mingəçevir şəhərindəki tarix muzeyinin köçürülməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Vətəndaşlar, həmçinin Qax rayonunda qədim dövrlərə aid Sarıca-Minbərək nekropolunun yerləşdiyi ərazidə qoruğun yaradılması, Ləkit kəndindəki V əsrə aid dünya əhəmiyyətli alban məbədinin, VI-VII əsrlərə aid məbəd kompleksinin bərpası, Zaqatala şəhərində tarix-diyarşünaslıq muzeyinin əvvəlki binaya köçürülməsi, Zaqatala şəhərində mədəniyyət mərkəzinin yaradılması işinin sürətləndirilməsi, “Mədəniyyət işçisi günü”nün təsis edilməsi, Balakən rayonunda beynəlxalq festivalın keçirilməsi, turizm layihələri və digər məsələlərlə bağlı müraciət edib, təkliflər irəli sürüblər. Nazir Əbülfəs Qarayev hər bir vətəndaşı diqqətlə dinlədi, onların müraciət və təkliflərinin həll olunması üçün müvafiq göstərişlərini verib. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər. Qəbuldan sonra qeyd olunan şəhər və rayonların mədəniyyət və turizm şöbələri, mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
S.ABDULLAYEVA