Türkiyənin "TRT Avaz" kanalında "Nəqşicahan - Naxçıvan" sənədli filmi nümayiş olunacaq. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə TRT-nin Bakı ofisinin nümayəndəsi Emrah Timuçin Yazıcının hazırladığı sənədli film 2 hissədən ibarətdir.
Filmdə Naxçıvanın tarixinə diqqət yetirilir, 1918-ci ildə Araz-Türk Cümhuriyyətinin qurulması və süqutundan, xilaskar türk ordusunun Naxçıvana köməyə gəlməsindən, Sovet İttifaqının 70 illik əsarəti dövründən və 1990-cı ildə Naxçıvana gələn ulu öndər Heydər Əliyevin qədim diyarı bəlalardan xilas etməsindən ətraflı bəhs olunur. Naxçıvandakı tarixi abidələr də filmin əsas süjet xəttidir. Əshabi-Kəhf ziyarətgahı, Nuhun məzarı, Möminə Xatın türbəsi, təbii gözəllikləri ilə ziyarətçilərini ovsunlayan Batabat yaylası sənədli filmdə öz əksini tapıb. "Nəqşicahan - Naxçıvan" sənədli filminin 1-ci hissəsi iyulun 23-də Bakı vaxtı ilə saat 15:00 - da "TRT Avaz" kanalında yayımlanacaq.
S.ABDULLAYEVA