Səninlə ilk tanışlığım
yadımda deyil, Arif.
Amma qardaşlığa bərabər
dostluğumuzu
kəsdiyimiz duz-çörəyi
yaxşı xatırlayıram, Arif.
O günləri isə dostların
istidən solacaq gülləri
dəstə-dəstə səpdilər
ayaqlarının altına.
Torpağın üst qatına.
Özünü isə
əyarı çox yüksək olan
qızıl külçəsi kimi
qoydular torpağın altına.
Qızıl
yerindən asılı olmayaraq
elə qızıldır.
İnan mənə,
bir gün onun cücərəcəyinə
inamım var.
Onda açılacaq qapılar.
Girəcəksən otağıma.
Amma mən
daha çox ümidliyəm
sənin yanına gəlməyə.
Qucaqlaşıb görüşməyə
dərdlərimizi bölməyə.
Yarımçıq söhbətimizi bitirməyə.
Bir azdan bizi tərk edib
çəkiləcəksən göyə.
Bu bir nağıla oxşayır, Arif.
Sənin heç vaxt inanmadığın
əldə qurama nağıla.
İnana bilmirəm yoxluğuna.
Sən getdin,
Mən qaldım.
Ölümdən hayfımı almaq üçün
(heç kim bilməsin!)
Tanrıdan, az da olsa,
müvəqqəti borc aldım.
Darıxma, Arif,
gələcəyəm yanına.
Hələlik, Arif!
Bunun geci-tezi var.
Bir şeyi unutma,
xoşbəxt o adamdır ki,
həyatda sənin kimi izi var.
Ələddin Əzimov