...Bursa deyincə, dustaqxananın divarları soyuduqca türklüyə körüklənib yanan mavi gözlü div adamı düşünürdüm. Qismətinə sevgili Türkiyəsinə Ankara hərbi dustaqxanasının, Bursa qalasının nəmli kamerasından və kirli pəncərəsindən baxmaq nəsib olan Nazim Hikməti. Bir də bu div adamı heç olmazsa cəza evinin pəncərəsindən görmək üçün gecələr ona gözləmə bişirib aparan sevdalı türk qadınını. Bursanın küçələrində küləyə qarşı, zamana qarşı yeriyən Nazim Hikməti düşünürdüm. Zaman durmuşdu mənim üçün. Pablo Pikassonun, Renato Kutuzzonun, Abidin Dinonun, Turan Səlimin tablolarında cahana dəmir barmaqlıqdan baxan mavi gözlü adam vardı gözümün önündə, çox əzəmətli, çılğınca, üsyan edircəsinə. Bursa qalası da gözəl görünürdü bu tabloda. Pablo Nerudanın şeirlərində zaman hələ də Bursadır. Ürpənirdim Bursa deyincə, Nazim Hikmət hakim idi düşüncəmə.
Arada sükutu sürücümüz Xəlil Işık pozurdu, bura boğaziçi körpüsüdür, İstanbulda trafik sıkışıkdır, Topçulara az qalmışıq deyirdi. Durmuş zamanı hərəkətə gətirmək niyyətindəymiş kimi.
Topçulardayıq, birazdan feribotla Mərmərə dənizinin o biri sahilinə gedəcəyik-Bursaya. Deyirlər Türkiyəyə hansı tərəfdən baxsan köksündə Azərbaycan adlı ürəyin çırpındığını görərsən. Biz də Türkiyənin çarpan ürəyinə bir həftə Bursadan baxacağıq. Burada zamanın duruşu da gözəldir, Mərmərənin axışı da. İskələdən özümü Mərmərənin ucsuz-bucaqsız mavi sularına atmaq keçir könlümdən. Bosmanlar sahilə yan alan gəmiləri kəndirlə dirəyə bağlayırlar. Azərbaycandan gəldiyimizi bilincə gülümsədilər, bizimlə tanış oldular, gəmiləri bağlayırıq ki, kaçmasınlar, deyə zarafat etdilər. Və biz feribotla Bursaya gedirik-Nazim Hikmətin zamana qarşı, rüzgarlara qarşı yürüdüyü şəhərə
Sevdalınız kommunistdir,
On yıldan beri hapisdir,
Yatar Bursa kalesinde.
Hapis, amma zincirini kırmış yatar,
En ala mertebeye ermiş yatar,
Yatar Bursa kalesinde
Qardaş Türkiyənin Azərbaycandakı səfirliyinin Kültür və Tanıtma müşaviri hörmətli Seyit Ahmet Arslan bəyin təşəbbüsü ilə gerçəkləşən Bursa ziyarətimiz buradan başladı. Bu qədim şəhərə düşərkən tarixin pərdə-pərdə büküldüyü, səhifə-səhifə qatlandığı bir şəhər gördüm. Ərtoğrul gazi oğlu Osman gazi və nəvələrinin ayaq və baş qoyduğu sonsuzluqdayıq. Sakitcə yerimək lazım, aman oyandırmayaq, rahatca uyusun cahanın şanlı qulları. Tarix yazmağa yürüyərkən yorğun düşüblər. Roma, Bizans, Səlçuk, Osmanlı, daha əskilər, daha qədimlər. Türkün əzəmətinin, ehtişamının başladığı yerdir mənim üçün zamanın dayandığı bu şəhər. Bir də daş qardaşlar, qaya qardaşlar, Muradiyyə, Ulu cami, əsrlərin sirrini sinəsində gizlədən xatın çinarlar sıralanıb. Dil açsalar nələr danışarlar ilahi. Nə yazıq, uca Yaradan danışma qabiliyyətini tək bizə verib. Burada zaman da, məkan da susub.
Arxayın bir əda ilə Uludağa yaslanaraq Mərmərə dənizinin cənubuna uzanır Bursa. Köksündə əbədi uyuyanlara layla deyir. Topxanada Osman gazi oğlu Orxan gazi və əhli-əyalıyla şəhərə gələnləri, gedənləri Osmanlıya layiq qarşılayır yola salır.
Səkkiz minillik tarixiylə Yer üzünün antik şəhərlərindən hesab edilən Bursa bir çox mədəniyyətlərə ev sahibliyi edib. Təbii zənginlikləri, yaşıl örtüyü, şəfalı suları, yay və qış turizmi, eyni zamanda bir çox uyqarlıqları, Osmanlı və Cümhuriyyət dönəmlərinin məkanı olan şəhər tarixi bu günə daşımışdır, hər daşında, qayasında bir mesajı var. Dəniz, günəş, meşə, torpaq insanlarıyla qucaq qucağa. Bu gözəlliyi bir də Topxanadan seyr edəsən. Tarixlə çağdaşlıq bütövləşib bu mənzərədə. Topxana parkındakı saat qülləsi sevgili İzmirdəki saat qülləsini xatırlatdı mənə. Əzəmətli qüllə Əbdülhəmid xanın taxta çıxışının 30-cu ildönümündə 1906-cı il avqustun 30-da ucaldılıb. Rəhbərimiz Kərim bəy danışır ki, müdafiə imkanları yüksək olduğundan tarixin ağıllı insanları buranı məskən seçiblər. Şəhər türklər tərəfindən alındıqdan sonra ilk zamanlar Osmanlı dövlətinin bayandırlığı, sonra paytaxtı olmuşdur. Bundan sonra Bursa camilərdən, məktəb və mədrəsələrdən, ticarət mərkəzlərindən ibarət mədəniyyət şəhərinə çevrilmişdir. Xanlar, sultanlar, tüccarlar, dərvişlər, memarlar, şeir-sənət adamları, bilginlər, İpək Yolunun qərb hissəsinin keçdiyi Bursanı Anadolunun ən zəngin mədəniyyət mərkəzinə çevirmişlər. Xristianlığa aid bazilikalar, kilsələr, tapınaqlar, ibadətxanalar bu şəhərin daha kimlərə məskən olduğunu göstərir. Amma Bursa Osmanlı imperatorluğunun şah damarıdır. Sanki heç nə dəyişməyibmiş ki, bütün yapılar olduğu kimi həyatını yaşamağa davam edir. Zamanı durduracaq qədər gücə sahib bu şəhərə türkçülüyün təməlidir desək yanılmarıq. Bir də bilginlərin, evliyaların, təsəvvüfçülərin Yaradana sevdalandıqları məkandır Bursa.
Mənimsə gözümün önündədir Səlim Turanın tablosunda zincirlərini qıraraq barmaqlıqdan boylanan bir çılğın türk. İndi anladım, nədən Bursa qalasına bu qədər təşnəymiş, nədən ölümünə bir neçə saat qalmış Moskvadaki evinin pəncərəsindən sevdalısı olduğu Türkiyəsini görmək istəyirmiş Nazim Hikmət...
“Caddelerinde ıslanıyorum”
Bursaya tez sevdalandıq, ilk gündən doğmalaşdıq, həm yaşıl təbiətinə, dolu-dolu yağışına, həm də gözəl insanlarına. Kapitanımız Murat Taşyurt demiş, dənizləri dəftər yapsaq, ormanları qələm və üzərinə milyonlarca “Səni sevirəm Bursa” yazssaq da sevgimiz ifadə olunmaz. Bu ecazkarlığa bir də yağışın naxışı ilmə vurur. Yaşıl donlu Bursada anidən günəş doğur, sonra bulutlanır və dolu başlayır, güclü külək əsir. Bursanın təbiətini yaxşı bilən rəhbərlərimiz ehtiyatlıdırlar, biz isə soyuqdan titrəyirik. Bursalı şair Ertoğrul Güvendikin bir misrasını xatırladım:
Bursa aniden bulutlanıyor,
Caddelerinde ıslanıyorum.
Islak saçlarımın kuytusunda,
Kendi yaşımı da unutuyorum.
“Bursa və Cumalıkızık – Osmanlı İmperatorluğunun doğuşu” Dünya İrs Siyahısında
... Az yağmurlu havada gözəl Burasanın Osmanlının xanlar, sultanlar məhləsi olan Cumalıkızıkın dar döngələrində gəzirik. Bu tarixi yer “Bursa və Cumalıkızık – Osmanlı İmperatorluğunun doğuşu” adı ilə BMT-nin UNESCO Təşkilatının Dünya Mədəni İrs Siyahısına alınmışdır. Çünki kənd Osmanlı imperatorluğunun ilk dönəm memarlığının örnəklərini, eyni zamanda bir çox mədəniyyətlərə aid saysız-hesabsız memarlıq nümunələrini, tarixi abidələri və nadir incilərini özündə yaşadır. Cumalıkızık yaşayan tarixdir canlı-canlı, 700 il öncəki kimi. Cumalıkızıkda zaman gerçəkdən dayanıb. Köydə betondan istifadə etmək qadağandır. Evlər moloz daşdan, ağacdan və kərpicdən tikilir. Osmanlı dönəminin memarlarının örnəkləri olduğu kimi qorunur, yollar çay daşları ilə döşənib. Bizim İçərişəhərə, Lahıca da bənzəyir. Tarixi görünüşü səbəbilə bir neçə film burada çəkilib. Qurtuluş savaşını anladan “Kurtuluş” filmi və “Kınalı kar” diziləri Cumalıkızıkı turizm mərkəzinə çevirib.
Bursa tarixdə ən böyük önəmi Osmanlı dövləti zamanında qazanıb və hər anlamda dünyanın mərkəzinə çevrilməyə başlayır. 1361-ci ildə Ədirnənin alınmasından sonra Osmanlının Rumeli torpaqlarının paytaxtı Ədirnə, Anadolu torpaqlarının paytaxtı isə Bursa olur. 1453-cü ildən sonra İstanbul imperatorluğun paytaxtı olur. Şəhərin göz qamaşdıran və tarixə meydan oxuyan əsərlərindən biri günümüzə qədər dimdik ayaqüstə dayanan nəhəng çinarlarıdır. Altı, yeddi əsirlik və daha qədimdən qalan ulu çinarların kölgəsində çox şahlar, sultanlar, xaqanlar, hünkarlar sərinləmişlər. Dünyanın hər yerindən turistlərin sevə-sevə ziyarət etdikləri İnkaya və Koğuk çinarlar 18.20 metrlik çevrəyə malikdirlər. Osmanlı dönəmində Koğuk çinarın kölgəsində yeniçərilərə ulufə (maaş) paylandığı üçün bu ağaca ulufeli çinar da deyərmişlər. Osmanlını bu günə canlı yaşadan ağacların kölgəsində indi də hər gün yüzlərlə yerli və xarici turist dincəlir. Dediyimiz kimi içməli və müalicəvi su baxımından hələ erkən dönəmlərdən Bursa zəngin potensiala malikdir. Əsasən Uludağın şimal ətəklərindən Badamlı, Baxça və Çəkirgə ərazilərində qaynayan istisu yataqları bir çox xəstəliklərin şıfavericisi olduğundan tarixin bütün dönəmlərində bura turizm məkanı olmuşdur. Kükürtlü sular hələ də möcüzə kimi insanların yardımına gəlir. Türkiyə iqtisadiyyatında və sənayesində, eyni zamanda sağlıq turizmində önəmli mövqeyə malik Bursanın 3 milyona yaxın əhalisi var. Lap əski zamanlarda da, indi də bu şəhərin sənayesinin inkişafı Türkiyənin gəlişməsində böyük rol oynayıb. Bursalılar sevimli şəhərlərini “Yaşıl Bursa” adlandırırlar. Meşə örtüyü Türkiyənin digər vilayətləri ilə müqayisədə daha çoxdur. Hər tərəf cənnəti xatırladır sanki. Rəhbərlərimiz dedi ki, meşələrdə çox nadir ağaclar yetişir. Ona görə də qədim tarixinə, mədəniyyətinə, gözəl təbiətinə və qaynaq sularına görə dünyanın hər yerindən Bursanı ziyarət edənlərin sayı-hesabı yoxdur.
Bursada toxuculuğun tarixi çox qədimdir, 1500 illik dövrü əhatə edir. Osmanlı zamanında da ipəkçilik, toxuculuq mərkəzi olmaqda davam edən şəhər bir çox zamanlarda Türkiyənin toxuculuq paytaxtı olmuşdur, bu missiyanı indi də şərəflə daşıyır. Bu şəhərdə əl sənətləri mədəniyyətin ən gözəl nümunəsidir. Bazarlarda insanların, xüsusən xanımların əl sənətləri tikmələri, hörmələri, naxışları qədim mədəniyyətin varlığını hələ də özündə daşıyır. Şəhərin küçələrində, bazarlarda, mağazalarda toxuculuq fabriklərinin çeşidli məhsullarına rast gəlinir. Səmərcilik, ipəkçilik, bıçakçılıq, çarıqçılık, çinicilik, səbətçilik böyük bir mədəniyyətin günümüzə qədər yaşadılan tarix işartısıdır. Bazarları ilə də məşhur olan gözəl Bursanın Qapalı, Açıq, Uzun çarşıları, Xanlar bölgəsi adları ilə tanınan çarşılar həm yerlilərin, həm də şəhərin qonaqlarının ən çox üz tutduqları məkandır. Bu bazarlarda şəhər sənayesinin rəngarəng məhsulları, əl sənətləri ilə qarşılaşmaq mümkündür.
Adı nə olursa olsun Osmanlı dövlətinin tikdiyi məscidlər sadəcə ibadət yerləri olmamış, bir çox funksiyaları yerinə yetirmişdir. Məsələn, Sultanlar ən hörmətli qonaqlarını camedə qəbul edər, elçiləri orada qarşılar, məhkəmə salonlarını orada qurar, xəstəxanaları belə bəzən orada yerləşdirərmişlər. Ən önəmlisi isə came və məscidlərdən təhsil və mədəniyyət mərkəzi kimi istifadə olunarmış. Bursanın 48 kilometrliyində Bursa-Yalova yolu üzərində Osmanlının bu bölgəyə yerləşdiyi zamanlarda Pazarköy alış-veriş mərkəzində Orhan qazi böyük bir cami tikdirir. Bundan sonra həmin bölgə inkişaf etmiş, sənaye və ticarətin sürətlə inkişafına görə ikinci sırada yer ayırmışdır. Zamanında həmin ərazidə inşa edilən Saray hamamı, Ulu cami, Postinbuş Baba zaviyyesi, Çinarlı cami, Koca Sinan Paşa Kulliyesi, Balı bey camisi, Süleyman paşa Kulliyesi bu gün də Osmanlı dövlətinin tarixi əsərləri kimi qorunub saxlanır. İldırım Bəyazid tərəfindən ucaldılan İldırım minarəsi 1390-cı illərdə tikilib və Bursanın ən görkəmli şah əsərlərindən biri hesab olunur. Ulu Cami isə 1396-1399-cu illər arasında inşa edilib. Osmanlı memarlığının Bursada yaşayan ən görkəmli abidələrindən biri Yaşıl Məsciddir. 1422-ci ildə Sultan II Murad zamanında başa çatdırılıb.
Rəsmiyyə QARAYEVA