"Qobustan" sənət toplusunun builki 2-ci sayı çap olunub. Dərgi baş redaktor Vaqif Əlixanlının rəssam Cahid Camal haqqında yazdığı "Qırx sətir"lə açılır.
Jurnalda Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi ilə bağlı Çingiz Əlioğlunun "İlyas dayı", eləcə də Xalq artistləri Amaliya Pənahova, Ağakişi Kazımov və Mərahim Fərzəlibəyovun yubilyar haqqında fikirləri yer alıb.
"Türk ədəbiyyatı" dərgisinin təqdimatı ilə jurnalda fransız filosofu Roje Qarodinin "İslamın aynası" əsərindən hissələr verilib. "Türk ədəbiyyatı dərgisi qonağımızdır" başlığı altında Namik Açıqgözün "Leyla və Məcnun"da məktəb", professor Əli Birincinin Səlcuq Karakılıca verdiyi "Türkiyədə kitab dostu olan zəngin bir zümrə yoxdur" müsahibəsi və Sultan Əbdüləziz haqqında yazı dərc edilib.
"Qobustan"ın bu dəfəki müzakirəsində "teleseriallar" mövzusundan bəhs edilib.
Xalq artisti Tofiq İsmayılovun 75 illik yubileyi münasibətilə jurnala verdiyi müsahibə və professor D. Aydının "Tofiq İsmayılovun nağılları" dərc olunub.
Jurnalın "Teatr. Pərdə arxası" rubrikasında Barat Şəkinskayanın 100 iliyi münasibətilə yubilyar haqqında Gülbəniz Hüseynlinin "Göyçək Baratın nağılı", Esmira Nəzərlinin "Hər kəsin öz qisməti", sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixarın "Teatrımız və qeyri-səlis məntiq nəzəriyyəsi" yazıları oxucuların ixtiyarına verilib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Məsməxanım Qubadova "Turanın ən oyaq adamı: Əli bəy Hüseynzadə" haqqında fikirlərini qələmə alıb.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev "Azərbaycanlı rəssamın monqol sevgisi" yazısında rəssam Cahid Camal haqqında düşüncələrini bölüşüb.
Bəstəkar Adil Bəbirovun "İş sayda deyil, gərək yazdığın musiqi yadda qala" adlı müsahbəsi də "Qobustan"ın bu sayında dərc olunub.
Jurnalın "El-oba" rubrikasında Səidə Səlimzadə "Xalça rəssamı Nəzakət", Afət Novruzovun "Anatollu müəllim dünyaya elə "müəllim" gəlmişdi..", C. Osmanov "Unudulmaz və əziz müəllimim barədə bir neçə söz..", Zakir Məmmədin "Ömrün rəngləri, "Rənglər"in ömrü" yazıları oxucuların ixtiyarına verilib.
"İlmə" rubrikasında Lev Tolstoy, Bethoven, Çingizxan haqqında, eləcə də Hindistan, Tailand mədəniyyəti barəsində materiallar yer alıb.
Jurnalın "İrs" bölümdə Qabriel Qarsia Markesin "Danışmaq xətrinə yaşamaq" kitabından bir parça da təqdim olunub.
S.MÜRVƏTQIZI