"Riyaziyyatda böyük olmanın iki yolu var: birincisi hər kəsdən ağıllı olmaq, ikincisi də hər kəsdən təmkinli olmaq". Amerikalı riyaziyyatçı Raul Bottun bu sözü riyaziyyat elminin necə dəyərli olduğuna bir sübutdur. Elmlərin şahı olan riyaziyyatın inkişafı istiqamətində dünyanın tanınmış alimləri tərəfindən daim yeniliklər edilir, yeni-yeni uğurlar əldə olunur. Bu yaxınlarda riyaziyyat elminə daha bir töhfəni isə Qazaxıstan Elmlər Akademiyasının akademiki, tanınmış riyaziyyatçı Muxtarbay Otelbayev verib. O, Kley Riyaziyyat İnstitutunun "minilliyin 7 problemindən" biri olan Navye-Stoks problemini həll edib. Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı, professor Məmməd Bayramoğlunun dediyinə görə, tanınmış riyaziyyatçı Muxtarbay Otelbayev bu problemi həll etməklə riyaziyyat elminə böyük töhvə verib. Bu nailiyyəti əldə etməklə o, Kley Riyaziyyat İnstitutunun bir milyon dollarlıq mükafatını da qazanmağa iddialıdır: "Dünya mətbuatında bu problemin həlli böyük əks-səda doğurub. Hətta bununla bağlı çoxlu yazılar, məqalələr verilib və akademikin şəninə xoş sözlər söylənilib. Onun bu nailiyyəti bütün Türk dünyasının uğuru sayıla bilər. Çünki Muxtarbay Otelbayev də türk oğludur. Belə insanlar Türk dünyasını, müsəlman aləmini bütün dünyaya bir daha tanıtmış olur. Qeyd edim ki, Otelbayevin həll etdiyi problem ən gec, 1 il müddətində dünyanın tanınmış riyaziyyatçıları tərəfindən yoxlanılaraq doğru olduğu müəyyən edildikdən sonra təsdiqlənəcək və bir milyon ABŞ dolları məbləğində mükafat ona təqdim olunacaq. Sözügedən yeddi problemdən birini-Puankare problemini-rus riyaziyyatçısı Qriqoriy Perelman həll etsə də o, bir milyonluq mükafatdan imtina edib. Otelbayev isə problemin həllinin düzgünlüyünə şübhəsi olmadığını və bir milyonu alacağını bildirib. Akademik mükafatı özünə deyil yetimxanalara, gənc riyaziyyatçılara və ehtiyacı olanlara paylayacaq".
M.Bayramoğlu deyir ki, Otelbayev dəfələrlə Bakıda olub, bir neçə riyaziyyatçının opponenti olub, məruzələrlə çıxış edib, dissertasiyalara rəy yazıb: "İki il öncə mən akademikin Astanada keçirilən 70 illik yubileyində iştirak etmişəm. Yubileyin Beynəlxalq Proqram Komitəsinə daxil idim və orada plenar məruzə ilə çıxış etdim. O, məşhur riyaziyyatçımız akademik Mirabbas Qasımovu özünün müəllimi hesab edir. Akademik bu problemin həllini öz müəllimlərinə həsr etdiyini bildirib və müəllimləri içərisində Mirabbas müəllimin adını da qeyd edib".
Professorun söylədiyinə görə, dəqiq elmlər sahəsində belə nailiyyət türkləri, müsəlmanları dünyaya yenidən tanıtdırır. Dünyada ən böyük mükafat hər kəsin bildiyi kimi Nobel mükafatıdır. Buna təbiət elmləri sahəsində təkcə bir müsəlman pakistanlı fizik Abdus Salam nail olub: "Söhbət dünya miqyasında beyin yarışından gedir. Sözügedən problemlə dünyanın 1500-dən çox riyaziyyatçısı uğraşır. Otelbayev həm qalıb çıxır, həm də 1500-dən çox riyaziyyatçını zəhmətdən qurtarır. Navye-Stoks probleminin həllinin tətbiq sahələri: təyyarəqayırma, gəmiqayırma, tufanın harada və nə vaxt baş verəcəyini proqnozlaşdırma və sair problemlərin həllinə kömək edəcəkdir. Həqiqətən, böyük nailiyyətdir, bu nailiyyət heç bir elmi dərəcə, heç bir titulla müqayisə edilə bilməz. Əgər problem doğru həll edilibsə, o zaman Türk oğlu Muxtarbay Otelbayev bütün dövrlərdə dünyanın böyük riyaziyyatçıları sırasında olacaq".