|
|
|
|
Emin MAHMUDOV,
iqtisadçı-ekspert
Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda yüksək iqtisadi artım dinamikası formalaşıb, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu iqtisadi artımın sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş verib. Nəticədə Azərbaycan adambaşına düşən ümumu daxili məhsulun həcminə görə 100 pillə irəliləyərək qısa zaman ərzində orta gəlirli dövlətlər qrupuna daxil olub. Bundan başqa, “Dünya Rəqabətlilik Hesabatı 2013-
Bu ilin birinci rübü də parlaq quruculuq və inkişaf mərhələsi kimi yadda qalacaq. Bunu Dövlət Statistika Komitəsinin yaydığı məlumatdan da aydın görə bilərik. 2014-cü ilin üç ayında ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 13,2 milyard manata çatıb, onun əhalinin hər nəfərinə düşən həcmi 1,1 faiz artaraq 1403,4 manat (1789,2 ABŞ dolları) təşkil edib. İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 8,8 faiz, o cümlədən qeyri-neft-qaz sənayesində 4,2 faiz, tikintidə 20,8 faiz, sosial və digər xidmət sahələrində 3,7 faiz, kənd təsərrüfatında 3,4 faiz artıb.
Bütün bunlar barədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ətraflı danışılıb. Dövlət başçısı giriş nitqində xüsusi vurğulayıb ki, keçən il qeyri-neft sektorumuz 10 faiz, bu ilin birinci rübündə isə 8,8 faiz artıb. Əlbəttə, bu artım son illərdə Azərbaycanda aparılan islahatların nəticəsidir. İqtisadiyyatla bağlı aparılan siyasət ölkəmizi bax, bugünkü reallığa gətirib çıxarıb.
İclasda qeyri-neft sektorunun dinamik inkişafından ətraflı bəhs edilib. Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində, əhalinin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsində, idxal məhsullarından asılılığın azaldılması və maliyyə bölməsinin idxal inflyasiyasından qorunmasında bu sektorun əvəzsiz rol oynaması xüsusi vurğulanıb. Son 10 ildə qeyri-neft sektorunun daim diqqət mərkəzində saxlanılması bir daha xatırladılıb. “Bu gün bizim təcrübəmiz, vəsaiti iqtisadiyyatın real sektoruna yönəltmək, investisiyaları cəlb etmək və infrastruktur layihələrini icra etmək siyasətimiz hesab edirəm ki, dünya miqyasında artıq bir nümunə kimi qəbul edilir” – deyən Prezident İlham Əliyev Azərbaycanda uğurla reallaşdırılan iqtisadi siyasətin daha böyük nəticələr verəcəyinə əminliyini ifadə edib.
Bu gün Azərbaycanda sosial-iqtisadi inkişafı sürətləndirən mühüm amillərdən biri qarşıya qoyulan hər bir hədəfin reallaşdırılması üçün konkret fəaliyyət proqramlarının işlənib hazırlanmasıdır. Bu baxımdan ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasının əhəmiyyətini xüsusi qiymətləndirmək lazımdır. Çünki keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə məhz bu fərmanlarla start verilib, nəticədə qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyilləri nəzərə çarpıb. Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunub.
Prezident İlham Əliyev sözügedən iclasda yuxarıda qeyd edilən məsələlərlə bağlı deyib: “İlin birinci rübündə regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı qəbul edildi. Biz ikinci Proqramın yekunlarını fevral ayında müzakirə etmişik. Üçüncü Proqramın qəbul edilməsi əminəm ki, qalan sosial və iqtisadi məsələlərin növbəti beş il ərzində həlli üçün bizə böyük dəstək olacaq. Bu da əvvəlki proqramlar kimi çox müfəssəl bir sənəddir. Proqramda bütün məsələlər öz əksini tapıbdır. Hər bir rayon üzrə konkret vəzifələr, tapşırıqlar var. Təbii ki, icra mexanizmləri, maliyyə resursları da bu proqramı dəstəkləyir. Əminəm ki, 2018-ci ilə qədər bu proqramın icrası nəticəsində bölgələrdə əsas sosial infrastruktur, iqtisadi məsələlər öz həllini tapacaq. Eyni zamanda Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Proqramı qəbul edilib. Bu Proqram 2016-cı ildə başa çatacaqdır. O vaxta qədər Bakının qəsəbələrində bütün infrastruktur layihələri icra ediləcəkdir”.
Hökumətin bu ilin birinci rübünün yekunlarına həsr olunan iclasında sosial-iqtisadi inkişafı nəzərə çarpdıran bir sıra göstəricilərə də diqqət yetirilib. Göstərilib ki, son illər maliyyə sabitliyi indeksinin dünyanın əksər ölkələrində mənfi saldo üzrə qeydə alınmasına baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılıb, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində ÜDM-in həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 13 milyard 150,7 milyon manat, qeyri-neft sahəsi üzrə isə 8,8 faiz artaraq 7 milyard 204,3 milyon manat təşkil edib. Əhalinin ümumi gəlirlərinin 4,5 faiz artması fonunda inflyasiyanın səviyyəsi cəmi 2 faiz olub.
Hesabat dövründə dövlət büdcəsinin mədaxili 106,1 faiz yerinə yetirilməklə büdcəyə köçürülən 4 milyard 482,7 milyon manat vəsaitin 1 milyard 762,9 milyon manatı Vergilər Nazirliyinin, 330,4 milyon manatı Dövlət Gömrük Komitəsinin, 2 milyard 342,6 milyon manatı isə Dövlət Neft Fondunun hesabına təmin olunub. Dövlət Neft Fondundan edilən transfertlər istisna olmaqla dövlət büdcəsinə daxilolmaların 36,7 faizi neft-qaz sektorunun, 63,3 faizi isə qeyri-neft-qaz sektorunun payına düşüb.
Azərbaycanda qeyri-neft sektorunun dinamik inkişafına valyuta ehtiyatlarımızın getdikcə artması öz müsbət təsirini göstərir. Ölkə rəhbəri bununla əlaqədar iclasda vurğulayıb ki, hazırda valyuta ehtiyatlarımız 53 milyard dollar təşkil edir. Bu, çox böyük rəqəmdir. Xüsusilə, ölkəmizin əhalisini nəzərə alsaq, görərik ki, bu göstərici üzrə adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada qabaqcıl ölkələr arasındadır. Ən önəmli məsələ ondan ibarətdir ki, bizim böyük investisiya proqramlarımız icra edilsə də valyuta ehtiyatlarımız azalmır, əksinə, ildən-ilə daha da artır. Bu da ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticəsidir. Azərbaycan dövləti iqtisadiyyatın, sahibkarlığın inkişafı, infrastruktur layihələrinin icrası üçün öz maliyyə imkanlarından səriştəli şəkildə istifadə edir, eyni zamanda, valyuta ehtiyatlarımızın da ildən-ilə artırılması məsələsinə xüsusi həssaslıqla yanaşır. Hazırda müstəqil Azərbaycan dövlətinin bu təcrübəsi, vəsaiti iqtisadiyyatın real sektoruna yönəltmək, investisiyaları cəlb etmək və infrastruktur layihələrini reallaşdırmaq siyasəti miqyasında artıq bir nümunə kimi qəbul olunur.Ümumiyyətlə, bu ilin ilk üç ayında ölkədə uğurlu investisiya siyasətinin aparılması nəticəsində bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyard 125,9 milyon manat vəsait yönəldilmişdir ki, bu da keçən ilin birinci rübü ilə müqayisədə 7 faiz çoxdur.
Son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan xarici investisiyalar üçün münbit şərait yaradılıb. Çünki Azərbaycanda ümumi daxili məhsulun və xarici ticarət dövriyyəsinin daimi artımı, ixtisaslı əmək ehtiyatlarının coxluğu, ölkənin beynəlxalq ticarət təşəbbüslərində fəal iştirakı, ən əsası isə respublikamızın coğrafi mövqeyinin Avropa və Asiya bazarlarına səmərəli çıxış imkanı verməsi münbit xarici investisiya mühitinin formalaşmasında başlıca rol oynayır.
Yuxarıda sadaladığımız əlverişli və münbit biznes mühitinin formalaşdırılması hətta Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hesabatlarında da öz əksini tapmış və Azərbaycan dünyanın 183 ölkəsi arasında 66-cı yerə layiq görülməklə biznesə başlamaq parametrləri üzrə inkişaf etmiş ölkələrlə bir sırada qərarlaşmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yekun nitqində bu barədə demişdir: ”...Bizdə xarici investisiyalar daha çox neft-qaz sektoruna qoyulur. Bu da təbiidir. Artıq 20 ildir bu, belədir. Yəqin, nəzərə alsaq ki, biz indi böyük enerji layihələrini icra edirik, belə də olacaqdır. Ancaq biz çalışmalıyıq ki, digər sektorlara da xarici və özəl investisiyaları daha böyük həcmdə cəlb edək. Çünki hazırda infrastruktur layihələrinin icrasına dövlət investisiyaları qoyulur. Biz dövlət kreditlərindən istifadə edərək iqtisadiyyatın real sektorlarını da canlandırırıq. Ancaq çalışmalıyıq ki, xarici investisiyaları sənaye inkişafının artırılmasına, kənd təsərrüfatına, turizm, xidmət, İKT sektorlarına da cəlb edək. Əlbəttə ki, bu, o qədər də asan məsələ deyildir. Çünki hələ ki, dünyanı bürümüş iqtisadi və maliyyə böhranının fəsadları yaşanır, hələ aparıcı dünya iqtisadiyyatlarının iqtisadi inkişafı onlar üçün lazımi səviyyədə təmin edilməyib. Ona görə xarici investisiyaları cəlb etmək o qədər də asan məsələ deyildir. Nəzərə almalıyıq ki, dünyanın əksər ölkələri bu işlərlə məşğuldur. Ancaq Azərbaycanda islahatlarla, biznes mühitinin yaxşılaşdırılması və ümumi inkişafla bağlı mənzərə çox müsbət olduğu üçün hesab edirəm ki, əgər bu məsələləri düzgün təşkil etsək, biz xarici investisiyaları daha çox lazım olan sahələrə yönəldə bilərik. Biz bu məsələlər ətrafında işləməliyik...”.
Yeri gəlmişkən, onu da xatırladım ki, cənab İlham Əliyevin “Ölkəmizin ən böyük sərvəti onun insanlarıdır” sözləri və maliyyə kapitalının insan kapitalına çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasət, sağlam və təhsilli gənc nəslin yetişdirilməsi ilə bağlı qəbul etdiyi qərarlar cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. Gənc nəslin sağlam böyüməsi yolunda Heydər Əliyev Fondunun əvəzsiz fəaliyyəti, habelə ən müasir standartlar səviyyəsində yeni uşaq bağçaları və körpələr evlərinin tikintisi və köhnələrinin təmiri xüsusilə təqdirəlayiqdir. Ölkə rəhbərinin həyata keçirdiyi təhsil və inkişaf strategiyasının davamı olaraq bu ilin yanvarın 1-dən məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evləri 10 il müddətinə bütün vergilərdən azad edilib.
Əhalinin sosial problemlərinin həlli, o cümlədən vətəndaşlara geniş çeşidli xidmətlərin göstərilməsi, bürokratik əngəlləri aradan qaldırmaqla vətəndaş-dövlət münasibətlərində şəffaflığın və “vətəndaş məmnunluğunun” reallaşdırılması məqsədilə Azərbaycan Prezidentinin bilavasitə müəllifi olduğu “ASAN xidmət” konsepsiyası, möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, müasir Azərbaycanın brendinə çevrilib. “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti dövründə 1 milyondan çox vətəndaşa keyfiyyətli xidmətlər göstərilib.
Beləliklə, bu ilin ilk üç ayı da əvvəlki dövrdə olduğu kimi, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olub. Bu müddət ərzində ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri davam etdirilib, bir sıra sosial obyektlər tikilib, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş verib. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən 60-a yaxın konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları isə hazırda icra edilməkdədir. Görülən işlər və nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilib və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunub.