|
|
|
|
Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində Naxçıvan Dövlət Universiteti ilə birlikdə Mirzə Cəlil lektoriyası keçirilib. "Molla Nəsrəddin" jurnalının nəşrinin 108-ci ildönümünə həsr olunmuş lektoriyada universitetin Azərbaycan dili və ədəbiyyatı ixtisası tələbələri iştirak edib. Lektoriyanı giriş özü ilə açan Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova "Molla Nəsrəddin" jurnalını Azərbaycan ədəbiyyatı və mətbuat tarixinin şərəfli səhifəsi kimi dəyərləndirərək jurnalın Azərbaycan ictimai-siyasi fikir tarixində, milli şüurun və siyasi təfəkkürün formalaşmasında, milli ədəbiyyatın inkişafındakı rolundan danışıb.
Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov "Molla Nəsrəddin" jurnalının nəşri tarixi barədə məruzə edərək Şərqdə ilk satirik mətbu orqan olan bu jurnalın əsas yaradıcı heyəti, qayəsi, janr və mövzu rəngarəngliyi, əsas tənqid hədəfləri, mollanəsrəddinçi ədəbi məktəb yaratmaqla mətbuat və ədəbiyyat tariximizdə əvəzolunmaz yer tutması ilə bağlı ətraflı məlumat verib. Qeyd olunub ki, AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəylinin başçılığı ilə mirzəcəlilşünaslıq istiqamətində elmi tədqiqatlar aparılır, görkəmli dramaturq, naşir-publisist Cəlil Məmmədquluzadə və mollanəsrəddinçilərin həyat və fəaliyyəti, ədəbi irsi, jurnalın nəşri tarixi ilə əlaqədar yeni elmi faktlar və arxiv materialları, əlyazmalar elmi-ədəbi ictimaiyyətə təqdim olunur. Ustad Mirzə Cəlil və onun mollanəsrəddinçi məsləkdaşlarının azərbaycançılıq məfkurəsi, milli istiqlal və bəşəri duyğular uğrunda mübarizələri həmişəyaşardır, gələcək nəsillər üçün örnəkdir.
Lektoriyada tələbələrin sualları cavablandırılıb, "Molla Nəsrəddin-108" sərgisinə baxış olub. Tələbələr "Molla Nəsrəddin" jurnalı və onun yaradıcıları ilə bağlı eksponatlarla tanış olublar.
FİRƏNGİZ