|
|
|
|
XƏCALƏT
Yazılar masamın üstündə çin-çin,
Nəşrini gözləyir, indi neyləyim?
Müəllimə çatan bu məvacibi,
Kitaba xərcləyim, ya özüm yeyim?
Daş altından çıxır bir parça çörək,
Birinə asandı, birinə çətin.
Bir şeir kitabı nəyinə gərək
Mədəsi qəlbindən üstün millətin.
İndi söz əhlini dinləyənmi var?
Sanki söz eşidən qulaqlar batıb.
Şeirin meydanı indi olub dar,
Xalqın tikəsinə ortaqlar artıb.
Döğma övladlar da bəzən anlamır,
Güzaran axtarır hərə bir yanda.
Nə deyim... şeirlə qazan qaynamır,
Ehtiyac hər yandan üzə duranda.
Özümü ovudum, görən nə qədər?
Dözüm qalasını yıxan tapılmır,
Boy verir günbəgün bu göydələnlər,
Kitaba havadar çıxan tapılmır.
Yazılar masamın üstündə çin-çin,
Nəşrini gözləyir, indi neyləyim?
Müəllimə çatan bu məvacibi,
Kitaba xərcləyim, ya özüm yeyim?
1996
UMACAĞIM
Gözlərim açıq qalıb
Yata bilmirəm
Dilimdə müqəddəs duam,
dodaqlarım hər gecə pıçıldayır
bu duamı eşitmir dünyam.
Məni ögey gözlə görür.
İstədiyimi yarımçıq verir.
Umacağım çoxmudur dünyadan?
Bir içim su?
Bir udum hava
Bir xışma torpaq işlədim ondan.
Onu da çox gördü, nə deyim?
Haqlı- haqsızdırmı gileyim?
Axı nə fərqi?
Burda da su, hava, torpaq var,
İnsanlar yaşayırlar.
Baş alıb ögeylik, yadlıq,
İtib doğmalıq?
Bu boyda dünyayla davammı var?
Bəlkə özüm-özümdə azmışam,
Huşumu qarışdırmışam
Dəli oluram?
Dünyanın üzünə dururam.
Dəlilər də bəzən sözün
Düzünü deyirlər,
Dünyanın hər üzünü söyurlər.
Ünvan deyin, yol göstərin
Əcəl üstümə kölgə salıb,
Gözlərim açıq qalıb.
Dünyam eşitsin duamı,
Qaytarsın umacağımı.
Strasburq, yanvar 2014
BURA BERLİNDİ
Çoxdan arzuladığım,
Yuxumda da qorxduğum
bir şəhərdəyəm.
Bilmirəm göydə
Yoxsa yerdəyəm
Dörd yanımda:
"Ziq hayt! Ziq hayt!Ziq hayt!" -deyə-deyə
Dəmir dabanlı çəkmələrini
Daş döşəməyə döyə-döyə
Hitlerin qanıçən,
Insanlığın üstündən keçən əsgərləri,
Dünya bizimdir-deyənləri
Dünyaya meydan oxuyur,
Nəfəslərindən qan qoxuyur.
Küncdə-bucaqda,
Yaxında qıraqda,
Yahudi axtarırlar,
Ev- ev gəzirlər,
Neçə taleni xışmalayıb, əzirlər.
Daş, torpaq od tutub yanır.
Göz-gözü görmür
Tüstü dumanlı,
Yedəkdə itlər,
Bax SS-çilər, cüt-cüt gəzirlər
Allah amandı, fikrim dolandı.
Hansı zamandı?
Könlüm üşüdü, ürəyim dondu.
Düşdüyüm bu yer görən haradı?
Halım pozuldu qanım qaraldı
Biri öyünüb qürurla dedi:
-Bura Berlindi.
Başıma vurdum döydüm dizimə,
Gəldim özümə.
Bu nə təlaşdı, necə qorxudu?
Bu bir xəyaldı, yəqin yuxudu.
Hər tərəf reklam, vitrinlər əlvan,
Gümüşü çiraqban,
Deyib gülən çox,
Qandan, qorxudan
Bir əsərdə yox.
Burda nə ölən, nə öldürən var
Əlində zənbil,
Çiynində çanta
Gəzir insanlar.
Yaşıl bağlardan, xiyabanlardan
tutub əl-ələ,
şən, gülə-gülə,
keçir cavanlar.
Meydan elə bil
Qaynayır daşır,
Məsum körpələr su pərisitək
Suda oynaşır.
Gördüklərimdən
Lap ağlım çaşır,
Bir dünya sevinc,
Bir dünya sevgi,
İndi mənimdi,
Bura Berlindi.
Berlin, fevral 2014
REYXSTAQ SARAYI
Müharibədən qalan
Qara kabus kimi
Bir saray durub qarşımda,
Qorxunc bir xəyal
Dolanır başımda
Xəyalı, gözlərimlə hec görməmişdim,
Xəyalda həqiqəti də bilməmişdim.
Gözümlə hördüm,
Yaman üzüldüm.
Bu daş divarlar, sütunlu zallar
Dünyanın bağrında
Basılmış dağdı,
Dönmüş zamandı, çağdı.
Qəlbim sızladı, canım talandı.
Bir vaxt dimdiyində qan,
Gözləri oyan,
İkibaşlı quş olub burda,
Tarixdən qalıb daş olub burda
Haqqın harayı,
Reyxstaq sarayı.
Bu adda vahimə, dəhşət, qorxu,
İndi də xısın-xısın, pıçın-pıçın
Danışır çoxu
"Taqq... Taqq..." güllələrdən
Oyuq-oyuqdur,
Buz kimi soyuqdur
Divarı-daşı,
Neçə xalqın, millətin
Qan yaddaşı,
Fəryadı, harayı
Reyxstaq sarayı.
Berlin 2014
GÖZLƏRƏM SƏNİ
O vaxtdan ay ötdü, il də dolandı,
Həsrətin üstünə həsrət qalandı.
Hicran sevincimi əlimdən aldı,
Qara saçlarıma ağ naxış saldı.
Bulud tək qaraldı günüm-gündüzüm,
Ürək qüssə çəkdi, gülmədi üzüm.
Bir təhər dözürəm desəm, yalandı,
Yer üstə gəzirəm desəm, yalandı.
Desəm ki gecələr yuxum qarışmır,
Göz yaşım yasdıqda köz-köz alışmır,
Desəm yol çəkməyə gözüm öyrəşib,
Desəm tənhalığa üzüm öyrəşib,
Desəm ki, qələmim, sözüm ovunub.
Ta səbrim tovlanıb, dözüm ovunub,
Külək pəncərəmi döyüb ağlamır,
Həsrət kirpiyimdə qrov bağlamır.
İnanma, əzizim ağ yalanlara,
Hər gecə varlığım çəkilir dara.
Ürək alışanda, can odlananda,
Bəzən ümid verir acı yalanda.
Bir həlim baxışa, bir şirin sözə.
Bir dünya verərdim dursaq üz-üzə.
Bu sayaq durumda qınama məni,
Qayıtsan ölüncə gözlərəm səni
Gəlsən güllü yazda, ya qarlı qışda,
Yoluna çıxaram elə bu yaşda.
Durnalar da dönər yuvası üçün,
Darıxar dağların havası üçün.
İndi mən bir quşam qanadı qırıq,
Kərəmsiz Əsliyəm sinəsi yanıq.
Elə ah çəkərəm yer göy alışar,
Bulaqlar gözümdə qaynayar-daşar.
Sənsiz məkansızam doğma yerim yox,
Xəyalından qeyri dərdi-sərim, yox.
Sən demə gəlməzəm, bağlıdır yollar.
Bu yolla gedənlər gəlməz olurlar.
Qollarım daş altda, yerim qəfəsdi
Olanım, olmazım bir quru səsdi,
O səslə əzizim çağır sən məni
Səsləsən əbədi gözlərəm səni.
Strasburq 2014
ARADAN ZAMAN BAXIRDI
Ordakı bulaqlar oxuyurdular,
Göylər maviliyin hey paylayırdı.
Qərib bənövşələr qoxluyurdular,
Külək pərdə-pərdə ətir yayırdı.
Bulaq nəğməsinə sözüm bələndi
Əyilib bir dodaq suyundan içdim.
Çiçək baxışından sevgi ələndi
Şeirimin donunu ləçəkdən biçdim.
Ordakı bulaqlar oxuyurdular,
Elə bildim bu yaz həminki yazdı
Qəribsəyib birdən elə doldum ki
Bulaq həsrətimi sulara yazdı.
Ordakı bulaqlar oxuyurdular,
Xatirələr düşüb, suya axırdı.
Qayıtdım dünənki səadətimə,
Heyif ki, aradan zaman baxırdı.
2011 Qəbələ
FƏLƏK DƏ DİL AÇDI
Dolan bulud nə durmusan
Başım üstə çətir-çətir?
Evimizin üstündən keç
Nənəmdən bir nağıl gətir.
Doğan günəş, bir az əyil,
İçimdə bir sazaq gəzir,
Arxam dağlar, məni eşit
Sizsiz qürbət məni əzir.
Sevinc mənə baxma belə
Çıx get, izin də qalmasın,
Tanrı dərdimi çox eylə
Elə çəkim qurtarmasın.
Vüsal, mənə gəlmə yaxın,
Şam idim ta qaralıram
Ruhum səhrada sürünür
Xəyalıyla dolanıram.
Gedən karvan, bir az əylən,
Sanma səfər başa yetdi.
Zaman məni elə döydü,
Mən haqq idim haqqım itdi.
Öz halıma özüm güldüm
Sandım ki, bəxtim gül açdı,
Dərd məni elə yandərəd
Zalım fələk də dil açdı.
NİGARANAM
Yaz səhəri, nə tutqunsan, ürəyim,
Kəhrizlərim görən yenə axırmı?
Ömür keçir çin olmayır istəyim,
Çəmənlərim şehdən sırğa taxırmı?
Bahar gəlib, içim qardı, borandı,
Dilimdəki hər gün dağdı-arandı.
İkisi də bir sevgidən yarandı,
"Ziyarət" im, "Üç qardaş" a baxırmı?
Bu həsrəti bəxtimizə kim yazıb?
Durulmuruq bizi yaman dərd basıb.
Həyətimiz baxışından qəm asıb
Qubarlanıb, gözlərini sıxırmı?
Nigaranam, yol bağlıdır nə vaxtdan.
Ay dəyişib, illər ötüb o vaxtdan.
Novruzgülü pardaxlanıb torpaqdan,
"Gillə" yeli çardaxları yıxırmı?
Şövkət anan bu həsrəti bildimi?
Onsuz üzün bircə kərə güldümü?
Ümidinə qat eyləyib sevgini,
Axşam-səhər yol üstünə çıxırmı?.